HƏRKƏSİN BİR ÖLÜM MƏLƏYİ VAR



Ölümlə üz-üzə gəlmə haqqımı kifayət qədər istifadə etdiyimdən, bu son dedim; yəqin ki, sonuncu cəhdimdir, bir daha bu haqq mənə verilməyəcək. Düzdür ölümlə burun-buruna dayanmışkən sən ondan qorxursan, anları belə zaman hesabına qatırsan, ölümün sənin gözlərinə dik baxa-baxa sənin ona qalib gəlməyinə göz yuma-yuma nəfəsi nəfəsinə dəyib, saçının uclarına belə toxunmadan səndən yan ötür və sən onun arxasınca belə boylanmadan “mən ölümə qalib gəldim” – deyirsən, içində bunun yalan olduğunu bilirsən, bilirsən ki, ölüm səndən sadəcə yan keçdi, amma, bu yalanı mütləq uydurursan; öz yalanınla fəxr edirsən. Mən ümumiyyətlə özümü ölümün övadı adlandırıram: o mənim anamdır, mən də onun övadı; ancaq analar öz övladına qıymaz; hirslənər, acıqlanar, səbrinin son həddini  belə keçər, lakin, yenə də övladının canına qıymaz. Mənimlə ölüm arasındakı münasibət də bax belədir; o mənə qıymır. Hər səfəri məni danlayıb yanımdan ötüb keçir, daha doğrusu məni tərbiyə edir, içimə saldığı ölüm qorxusu, ölüm anının vücuda gətirdiyi ağrılarla, sevdiklərindən ayrılmaq həsrəti ilə məni danlayıb, tərbiyələndirir, lakin, mən də sözə baxmaz övad kimi hər səfəri anamı qarşıma almış oluram. Bir gün günlərdən biri yenə də ölümlə üz-üzə gəldik. Fürsət bu fürsət dedim, ondan onun nə olduğunu soruşmaq istədim, “Sonun sonusanmı, yoxsa sonun əvvəli?” – soruşdum, o da “Ölüm nə sondur, nə əvvəl, gerçəyin özüdür” – dedi. Durmadım, yenə də sua verdim ona: “Bəs həyat?”. “Həyat ölümün digər üzüdür.” – dedi soyuqqanlılıqla və məni digər üzü olan həyatda saxladı. Onunla üz – üzə gəldiyin anda fikiləşdiyin ilk şey əməllərin olur, nə etmisən, hansı günahın, hansı savabın sahibisən, ölümlə üz-üzə səni qoyan nədir, əcəlmi, əməlmi, özünmü? Bütün bunları fikirləşirsən, düşünürsən, çətinlikdə qalırsan, çünki nə illah edirsən heç birini xatırlamırsan, o özü sənə xatırladır, düzmü deyir, səhv deyir, biulmirsən, sədəcə hər şeyi başınla təsdiqləyirsən, çünki düşünürsən ki, dünyadan ölüm qədər həqiqət olan heç bir şey yoxdur, bircə o yaland deməz.
Bir də onu bilirəm ki, hər kəsin öz ölüm mələyi var, bunu da bu yaxınlarda öyrəndim, elə ölümün özündən. Yer üzündə nə qədər insan varsa o qədər də ölüm mələyi var; hər doğulan körpə ilə yanaşı onunla birgə ölüm mələyi və birdə çiyinlərindəki əməl-kitab mələkləri doğulurmuş Əzrailsə bütün ölüm mələklərinin rəhbəridir, kim kimin ölüm mələyi olacaq onları seçir, vaxtı, vədi, ğlüm şəkli barədə bütün məlumatları seçilmiş mələklərə O verir,  özü şəxsən can almaq üçün yerə enmir.
 Hər şeyin səbri var, ölümün də. Səni yüz yaşına qədər gözləyə bilər, bir də gördün yüz bir yaşında səbri tükəndi və gəldi yanına, səni də özü ilə apardı. Mənim yüz yaşım yoxdur, ancaq, yüz dəfə ölümlə üz-üzə gəlmişəm və hər səfərində içini çəkib, yenə də səbr edib və mən də hər səfərində onun səbrini sınamışam. Bu səfəri nə mənim onun səbrini sinamaq istəyim var, nə ondan yenə də məni danlayıb getməsini istəyən deyiləm, nə də o özü mənə zaval verən deyil. Mənim ölüm mələyim mələkdir mələk olmasına, amma, adı üstündə ölüm mələyidir, bir neçə dəfə mələklik edə bilər, gec-tez isə öz vəzifəsini yerinə yetirməli olacaq, buna bəlkə o da üzülür, biz bir-birimizi o qədər sevmişdik ki, asanlıqla məni həyatdan aparmaq istəməyəcək. Axı mənim ölməyimə onun da missiyası başa vurulacaq. Kim bilir bir də hansı körpə ilə birgə doğulacaq.

Yorumlar