SEVGİLİ...

      Toni Morisson haqqınnda ilk dəfə beş il bundan öncə duymuşdum. O vaxt nişanlı olduğum indiki həyat yoldaşım müəllifin ingiliscədən "Ən mavi gözlər" kitabını oxumuşdu. Ağız dolusu mənə Toni Morissonun bu əsəri haqqında məruzə oxuduğu da yadımdadır. Hətta magistr olduğu universitetdə Toni Morisson yaradıcılığına həsr etdiyi yüksək səviyyədə hazırladığı araşdırma əhəmiyyətli təqdimat da keçirtmişdi. Sonra mən də həvəsə gəlib normal olan ingilis dili səviyyəmlə dediyi əsəri originaldan oxumağa cəhd etdim. Elə bir neçə səhifədən yarımçıq qoydum. Alışdığım, oxuduğum normal ingilis dilindən tamam fərqli idi. Sonra bildim ki, afro- merikan mənşəli yazıçının bu əsəri həm amerikan ingilis dilində, həm də afro - amerikan mənşəli sözlərlə bol ləhcədə yazıb. Bu kitabı oxumaq üçün ingiliscən yüksək səviyyədə olması gərək idi. Azərbaycancası isə təəssüf ki, yox idi. Yenə də çox sonrala, yəni mən Toni Morissonun adını ilk dəfə eşidəndən çox sonra, artıq evlənmişdim, övladımız var idi, internetdən təsadüfən "Ən mavi gözlər" kitabının türkçə tərcümədə elektron versiyasını tapdım, dərhal yüklədim, hətta yükələyən kimi də dərhal oxumağa başladım. Yenə də bir neçə fəsildən o tərəfə gedə bilmədim. Tərcümə o qədər ağır edilmişdi ki, axıcılığı yox idi, çətin anlaşılırdı, sanki originaldan o çətin ingiliscədən oxuyurdum kitabı. Bir yerdən kitabdan qopdum, kələyin ucunu itirdim. Kitabı bir kənara qoydum. Son zamanlar, Türkiyədə də Azərbaycandakı son tendesiya kimi tərcümə işi o qədər qeyri - ciddiyə alınır ki, əsərlər hərfi tərcümə edilib nəş edilir dərəcəyə gəlib çatıb. Mən türkcə tərcümədə olduqca çox sayda kitab oxumuşam, mənim bu dildə kitab oxumaq vərdişim olduqca yüksəkdir, bir türkün türkcə kitabı oxuması kimi. Amma, bu tərcümədə mən, eynən Umberto Econun "Qızı gülün adı" əsərinin türkcəsində olduğu kimi çox sıxıldım və yarımçıq qoydum.


    Bundan sonra mənim üçün Toni Morisson fəsli bitmişdi. Onun ilk afro - amerikan qadın nobelisti olması faktı belə məndə artıq heç bir maraq oyatmırdı. Hətta Barak Obamanın ən sevimli yazıçın kimdir deyə soruşanda tərəddüdsüz Toni Morisson demişdi. Mənsə oxumağa cəhd etdiyim yazıçımdır deyə bilərdim.
    Yenə də bir neçə müddət sonra, hətta ikinci övladım dünyaya gəlmişdi, kitab almaq üçün şəhər kitabxanalarını səyahətə çıxdım. Nizami Muzeyi kitabxanasına daxil oldum. Kitabları bir - bir incələyəndə "Şərq - Qərb" nəşriyyatınının nəşr etdiyi doğma dildə üç ən məşhur əsərləri bir kitab halında birləşdirən "Toni Morisson: seçilmiş əsərlər" kitabını gördüm. Mündəricata baxdım. Məndən xoşlanmayan ""Ən mavi gözlər" romanının, eyni zamanda ona Nobel mükafatı qazandıran "Sevgili" romanı, "Caz" romanların da kitabda mövcud olduğunu görəndə dərhal kitabı aldım. 
    Öncə kitabın tərtibatından danışım: yüksək səviyyədə, nəfis tərtibatda, çox nadir halda rastlaşacağın korreksiya xətaları olan kitab idi. Bu səviyyədə olan kitabın 12 azn qiyməti məncə çox münasib gəldi. On iki manat verirsən və üç romanı birdən alırsan. 
        Başladım ön sözdən. Yazıçı və əsərləri barədə oxumağa. Ön söz müəllifi. həm də əsərlərin azərbaycancaya tərcümə edəni İlqar Əlfioğlu oxucunu xəbərdar edirdi: yazıçı heç də asan oxunan əsərlərin müəllifi deyil, onun əsəsrlərini oxumaq üçün intelektual bazası olan oxucu olmaq tələb olunur, səbr və diqqət tələb edir. Baxdım ki, təvazökarlıqdan uzaq olsun, bütün bu əlamətlər mən də var. Başladım. Ya Allah Toniyə verəcək, ya da mənə dedim.





       Son zamanlar bayaq da qeyd etdiyim kimi, "Qanun"  nəşriyatında çıxan kitabları alıb oxuyanda tərcümənin keyfiyyətsizliyi, hətta bərbad olması üçün də bir neçə kitabı yarımçıq qoyduğum oldu. Artıq adını çəkdiyim  nəşriyyatın yeni nəşrlərini alıb oxumağa həvəs etdmirdim. Toni Morissonun əsərinə başlayanda da bundan qorxdum. Originalda çətin olan bir əsəri dilimizə əgər peşəkar deyil də sadəcə ingilis dilini yaxşı bilən biri tərcümə edibsə onda yenə də Toniyə uduzacağımı düşündüm.  Çox sevindim ki, yanılmışam. İlqar Əlfioğlunun tərcüməsində ilk "Sevgili" romanını oxumağa başladım. Yazıçıya Nobel qazandırmış və uğurun zirvəsinə qaldırmış əsəridir. İlqar bəy o qədər uğurlu və peşəkarcasına tərcümə edib ki, əsəri sanki Toni xanım azərbaycanca yazıb, sonra ingilis dilinə tərcümə ediblər. Mən yazıçının ön sözdəki, xəbərdarığından qorxmasam da ir az narahat idim ki, əsəri oxuya bilmək üçün ən azından səbrim çatmaz. Dörd yüz səhifədən ibarət olan Sevimli romanını bir başladım, bir də gecə saat üç də kitabı gözüm yorulduğu üçün bağlayanda artı qyarı etdiyimi gördüm, iki yüz altmış yeddinci səhifəyəcən ilk dəfədən oxumuşdum. Çox astagəl kitab oxuyan birisi kimi mənim bu ilk rekordum idi. Buna səbəb birinci növbədə əsərin olduqca axıcı, maraqlı, yanğılı, eyni zamanda mənim üçün yeni (afro - amerikalıların quldarlıq dönəmində çəkdiyin iztirablar, əzablar) mövzu olması səbəb idisə, ikinci, əslində əsas səbəb İlqar bəyin tərcüməsi idi. Roman sanki şer kimi yazılıb, (tərcümədə belə bu qorunub saxlanılıb) sanki mənsur şer oxuyursan, yorulmursan, hətta beynin dincəlir. 


     İlk başlar kitab bir az sıxıcı gəlir, hadisələri çözənə, obrazları tanıyana qədər. Sonrasa xəbərin olmur. Bir də gördüm kitabı bitirmisən. 
     Mən kitabın süjeti barədə yazmağı sevmirəm. Eyni zamanda sujet barədə yazılanı oxumağı da. Ona görə təəsüratımı bölüşməyə daha çöx üstünlük verirəm. Ön sözdə deyildiyi kimi, diqqətsiz oxucu və az da olsa intelektual hazırlığı olmayan üçün bu əsər oxumaq üçün əsl iztirabdır. Retrospektiv üslubda yazılmayan, iyirmi illik bir dönəmi əhatə edən əsərdə cari hadisələri oxuduğun yerdə özün də hiss eləmədən bir də görürsən ki, on il öncəki hadisələrin içindəsən. Hər hadisə ayrı - ayrılıqda obrazların dilində müxtəlif tərəfləri ilə anladılır. Səni bəzən içinə alıb aparır. Bəzən o hadisələrin tamam kənarında qalmağı arzulayırsan. Obrazlarla o qədər yaxın olursan ki, onların kədərinə onlarla bərabər üzülürsən, onların sevincinə, çox nadir olan sevincinəsə sən də sevinirsən. 
      Əsər boyunca hadisələr kiçik səhnəciklər şəklində mənsur şerlər kimi verilib. Sujet o qədər xaotikdir ki, obrazların həyatı kimi eynən, ondan baş çıxarmaq üçün Setinin, Pol Dinin, Denverin, Bebi Saqzın, Ştampın, Hallenin necə xaosun içində olduğunu da hiss etmiş olasan.
     Kitab əbəs yerə Amerikanın iyirminci əsrdə yüz ən yaxşı romanı sırasına daxil edilməyib. Əbəs yerə 1993 cü ildə Nobel mükafatına layiq görülməyib, nəşr olunan il bir həftənin içində bütün nüsxələri satılmayıb. 
     "Sevgili" əsəri mənim ""Sevgili"lər siyahimə ilk sıralarda daxil olmuş oldu. Böyük zövqlə oxuduğum və bitməsini istəmədiyim, son dövrlər tərcüməsinə görə ideal saydığım kitab oldu. Ən son belə həyəcan və zövqlə Jose Saramaqonun "Korluq" kitabını oxumuşdum. "Sevgili" romanı da məndə eyni hissləri və zövqu bəxş etdi. Bunun üçün "Şərq - qərb" nə.riyyatına, ən asassa tərcümənin müəllifi İlqar bəyə minnətdaram. 
       İndicə romanı oxuyub bitirdim. Dərhal məni "seməyən" "Ən mavi Gözlər" əsərinə başlaycam. Eyni hissləri, eyni zövqü yaşayacağımdan əminəm. Ən azından Toni Morissonun qələmi və İlqar bəyin tərcüməsi ortada varkən.





Yorumlar