“QADIN ÇİÇƏKDİR, ÇİÇƏK QADINDIR”
"Bakı:insanlar və şəhər" kitabımdan bir hissə
Səhərəcən yatmamışdı deyə, gözləri şişmişdi,
yataqdan qalxıb, başına bir şeylər bağladı; ürəyi bulanırdı yenə, ağzına acılıq
gəlmişdi, tualetə, sonra da hamama keçdi, əl – üzünü yudu, dişini firçaladı,
sonrasa acı, tünd çay süzüb içdi; ac qarına içdiyi üçün mədəsi sızıldadı. Qızı
da səsə oyanıb, ayağını sürüyə - sürüyə anası kimi tualetə, hamama, sonra da mətbəxə
keçdi;
“Sabahın xeyir.”
“Sabahın xeyir.”
“Nə olub yenə, başını niyə sarımısan?”
“Heç elə - belə yaxşı yatmamışam.”
“Nə yeyirsən, pendir, xama, ya Çokokrem?”
“Fərqi yoxdur.” – soyuducudan Çokokrem çıxartdı.
“Sən də hərəmizə iki dilim çorəyi tosterdə qızart,
isti çörəklə Çokokrem əla gedir.”
“Qızım. . .”
“Hə.”
“Dünən sən yatandan sonra Rişadla danışdım. Əgər fikrin
ciddidirsə ananı da göndər dedim, osa anası . . . xəstədir, şəkəri var, evdən
çıxa bilmir, təzyiqi tez – tez qalxıb düşür deyə, çölə çıxması təhlükəli imiş,
ona görə mənim onlara gəlməmi istədi. Mən ilk əvvəl istəmədim. Ancaq sənə görə
razıladım.”
“Mənim Çokokrem anam. Az qalıram səni şkolad əvəzi
çörəyə yaxıb yeyəm, o qədər şirinsən ki.”
Günortaya Gülüm artıq hazır idi; başının ağrısı bir
az azalmışdı, amma, tam keçməmişdi, eybi yox, hava dəyəndə düzələcək. Qızı həyəcanla
evdə onu gözləyəcəkdi, darvazadan ötürüb, evə qayıtdı, Rişada zəng edib,
anasının çıxdığını xəbər verdi; nəsə Rişadın səsi xoşuna gəlmədi, elə bil soyuq
danışırdı, Rişad yorğun olduğunu, həyəcandan səhərəcən yatmadığını deyəndə Nur
bir az sakitləşdi.
Dayanacaqdan Neftçilər metrosuna gedən avtobusa
mindi, yol boyunca heç nə düşnmədi, gözlərini yumub, hər şeyi olacağa bağladı,
gözünün yuxusunu almağa çalışdı.
Metroya çatanda oyandı, onsuz da yarı oyaq
yatmışdı, iyirmi qəpiyini sürücüyə uzadıb, avtobusdan endi, körpünün altından
keçib, metroya endi, metro keçid kartı olmadığı üçün, sərnişinlərdən qızı
yaşında olan bir qıza iyirmi qəpik uzadıb, onu keçirtməsini xahiş etdi, qız da
iyirmi qəpiyi alıb, Gülümü keçirtdi. Gülüm bir neçə gün içində birinci dəfə idi
gülümsədi, o onun yaşında olsaydı iyirmi qəpiyi almazdı və düşünürdü ki, qız da
“xanım, ehtiyac yoxdur, buyurun, keçin” – deyəcək, ancaq, çox rahatlıqla pulu
alıb cinsinin sibinə qoydu.
İçəri Şəhər xətti
ilə gedən qatara mindi. Bu xətdə sərnişin sıxlığı az olduğundan ona
mindi, heç ayaq üstə duracaq halda və həvəsdə deyildi. Özü yaşda olan bir
qadının yanında oturdu, qadına baxdı, çox baxımsız idi, saçı daranmamış,
dağınıq, üz – gözü kosmetkasız, əllərinin dərisi qurumuşdu, qadını qınadı, ürəyindəsə
ona haqq qazandırdı, şərait ona özünə qulluq üçün imkan verməyib, düşündü, “heç
bir qadın baxımsızlığı sevmir, kifir qadın da yoxdur, baxımsız qadın da əslində
nisbi anlayışdır, sadəcə imkanlı və imkansı qadınlar var, imkanlı qadınlar pulları
var deyə hər gün salonlarda, fitneslərdə, saunalarda, bahalı butiklərdə,
imkansız qadınsa ildə üst – üstə yığdıqlarını bərk – bərk çantasında gizlədir
ki, Sədərək, ya da Binə ticarət mərkəzlərinə gedincəyədək dəyişəcəyi üç – dörd
marşrut avtobusda olan qalanını da cibgirlərə qapdırmasın. Həmin ticarət mərkəzlərində
sə saatlarca, səhərdən axşamacan gəzəcəklər ki, hər şeyin ən ucuzunu ala
bilsinlər, keyfiyyətsiz paltarlar, keyfiyyətsiz bijuteriyalar, sintetik alt
paltarları, çinin kosmetikalarını alıb istifadə edirlər, sonra da ad olur ki,
baxımsızdılar, əslində onlar da öz imkanları daxilində baxımlıdırlar.
Qadın – bu adı, bu sözü görən kim
çıxardıb, niyə məhz
bizə qadın deyirlər, bu sözün leksikologiyası nədir, nə deməkdir, hər dildə də
bizə başqa cür ad qoyurlar. Bu sözü heç sevmədin nədənsə, çox ağır sözdür, bu
sözdə fikir versəniz bütün saitlər qalın saitlərdir, qalın saitlərin bir –
birini izləməsi ilə də ahəng qanununa uymuşlar, ağırlığı, kobudluğu, qalınlığı
ilə ahənglik yaradır bu söz, bu sözdə nə güclülük var, nə zəriflik var, nə zəiflik
var, sadəcə soyuqluq var, çünki qadın sözündəki bütün səslər soyuq səslərdir.
Hııım, gərək fikirləşib, qadın sözünün əvəzinə elə bir söz icad edəm ki, onun
içində hər şey olsun; axı qadın zəif, zəif olduqca da güclü, köməksiz, kömək
etməyi bacaran, sevilən, sevən, ana, qız, övlad, bacı, həyat yoldaşı, sevgili, məşuqə,
zorlanmaya məruz qalan, yoldan çıxaran, fahişə, incə, qaba, bəzənməyi sevən,
geyimi sevən, ağlağan, parıltılı, solğun, ehtiraslı və sair minlərlə rütbəmiz
var bizim. Qadın sözüsə bu rütbələrin heç birini özündə əks etdirmir. General məsələn,
bu söz tam yerində deyilmiş bir sözdür, sözün səslənməsində də, yazılışında da əmiranəlik,
hərb, silah səsi, güc, qüvvət, höküm var; eləcə də kişi sözündə, kişiyə xas
olan hər şey var, qadın sözünün yerinə də bax belə bir söz tapmaq lazımdır.
Fikirləş, Gülüm, fikirləş.
Dədə Qorqud deyirdi ki, ayranın, tikanın, iynənin,
gəlinin adlarını səhv qoydum. Qalan bütün sözlərin adını düz qoydum. Məncə Dədə
Qorqud yanılıb. Orası düzdü, tikana sökən deməli idi, iynəyə tikan deməli,
ayrana doyran, gəlinə ayran deməliydi, qadınasa çiçək, çiçəyə qadın deməli idi.
Məncə qadının üzərində olan bütün rütbələri özündə birləşdirə biləcək söz elə
çiçəkdir, başqa baş sındırıb, söz axtarmaq lazım deyil, həm zərif səslənir, həm
qulağa xoşdur, həm də incə saitlidir. Çiçəklərsə qadın sözü kimidir, qadının
özü kimi gözəl olsalar da qadın sözü kimi mənasızdılar, dərirsən, tikanları əlinə
batır, sonra da ətri uçub gedir, sonra özü solur, rəngi solur, sonra da zibilər
atırsan. Mənim üçün bundan sonra qadın çiçəkdir, çiçək qadındır.” – fikrə
dalıb, nə vaxt çatdığını hiss etmədi.
“Nərimanov stansiyası, növbəti stansiya Gənclik.
Qapılar bağlanır.”
Yorumlar
Yorum Gönder