İxlas
"Puzzle" kitabımdan bir hissə
Allah,
Tanrı, böyük Yaradan, nə bilim kim, kim. . . Bilmirəm sənə necə müraciət edim.
Hələ elələri də var ki, sənə Kişi deyə müraciət edir. Amma mən bilirəm ki, sən
kişi deyilsən, QADINSAN!!! Bunu hardan bildim? İnsanlardan ancaq kişiləri sən
yaratdın. Qadınlarısa Şeytan yaradıb. Əgər sən kişi olslaydın qadını yaradardın
daaaa. Bütün peyğəmbərləri ancaq kişilərdən seçdin. Şeytan isə öz məqsədlərinə
çatmaq üçün ancaq qadınları seçir. Məhz ən güclü varlıq kişiləri etdin. Öz
gücünü, qüvvəni ancaq kişilərə verdin. Sən QADINSAN və biz kişilərin ən
güclüsünü, ən qüvvətlisini, ən yaraşıqlısını özünə saxlayırsan. Onları sevirsən
və bu sevgini qəribə təzahür etdirirsən. Heç həyatdan doymamış yanına
aparırsan. Elə bilirsən bunun səbəbini bilmirəm. Çox yaxşı bilirəm, qoymursan
ki, onlar kiməsə, hansısa daha gözəl bir qadına qismət olsun. Axı sən Şeytanla
mübarizədəsən. Sən xəbislik edirsən. Onunla bacarmırsan. Onun yaratdıqları
qadınlar sənin yaratdığın kişilərə həmişə qalibdir. Onları sənin əlindən alır.
Mənisə . . . Çox istərdim məni də sənin əlindən alsınlar. Sən necə də eqoistsən.
Necə də xəbissən. Onu məndən ayırdın. Mənə olan məhəbbətin o dərəcədədir ki, öz
xoşbəxtliyini mənim bədbəxtliyim üzərində qurmağa belə hazırsan. Ancaq yooooo.
Mən sənə imkan vermərəm. Ona sahib olacam. Onu onun yaradanının əlindən alacam.
Səndən də uzaq olan, Şeytandan da uzaq olan bir məkana gedəcəm. Hər ikiniz də
bizim məhəbbətimizə həsəd aparacaqsınız. Sən əsrlər, minilliklər keçəcək, mənim
kimisini bir də dünyaya gətirmək istəycəksən, amma o məni əvəz edə bilməyəcək.
Hardansan hə. Hardasan! Gəl. Gələ bilmirsən deyilmi. Niyə susursan? Onsuzda nə
mənası var. Dinib də nə deyəcəyini mən yaxşı bilirəm. Dinən kimi Quran, din,
iman, kafir, İblis nə bilim nə, nə . . . Yenə də mane ola bilməyəcəksən. Sən
bizə, mənimlə Ona mane ola bilməyəcəksən və bunu da özün yaxşı bilirsən.
Sənin
kim olduğunu bu dünyada bəlkə də ilk dəfə ancaq mən dərk edə bilmişəm. Ona görə
məndən qorxursan. Məndən çəkinirsən. Qorxma, and olsun sənin mənə olan məhəbbətinə
səni ələ vermərəm. Ancaq sən də insanları idarə etməkdən əl çək. Əl çək bizdən.
İmkan ver insanlar bildiyi kimi yaşasın. İmkan ver insanlar istədiyini,
seçdiyini sevsin. Kişilər istər öz eşcinsini sevər, istər Şeytanın sevdiklərini,
yaratdıqlarını əlindən alar, istər özlərinə aşiq olarlar; təki sən onlara
müdaxilə etmə. Görürsənmi, Şeytan öz yaratdıqlarını azad buraxır. Onlar istədiyini
edə bilir, istədiklərini seçə bilir, ürəklərindən keçənləri bir – başa təlqin
etdirə bilir. Bizəsə imkan vermirsən; bizi gah cəhənnəm odu ilə, qəbir əzabları
ilə, aclıq, kasıblıqla qorxuzur, hədələyirsən; bizi məngənəndə saxlayırsan; əl
– qol atmağa qoymursan; bizi özünün şəxsi malın kimi idarə edirsən. Kifayət
deyilmi?! Hər kəsin ciddi – cəhdlə qoruyub saxladığı, müdafiyə etdiyi azadlağı
adamların əlindən almağa sənin haqqın yoxdur! Sən bizi yaratdın deyə, bizi də
idarə etmək haqqına sahib deyilsən.
Biz
kişiləri yaradan da ona verdiyin bir – iki özünəməxsus xüsusiyyətlərindən
savayı bizə heç bir qiymətli şey bəxş etməmisən; yaradansan, bizə də yaratmaq
qabiliyyətindən vermisən; böyüksən, biz kişiləri də böyük yaratmısan; güclüsən,
biz kişiləri də güclü yaratmısan; məğlubedilməzsən, biz kişiləri də məğlubedilməz
yaratmısan; qəddarlığından da, zərifliyindən də bizə vermisən; ağlağan
olmadığını bilirəm, bizi də ağlayan yaratmamısan. Ancaq bizə bir şeyi vermədin,
AZADLIĞI. Səni xəbərdar etmişdilər, yaxşı bilirdin, sən ki, hər şeyi bilənsən;
biz qiyamçıyıq, quruluşumuz budur. Nə qədər ki, bizə istədiyimizi verməyəcəksən,
nə qədər ki, bizi xoşbəxt edəni yolun üstündə durub, onu əldə etməyimizə mane
olacaqsan, bizdən özünə nifrətdən savayı heç nə qazana bilməyəcəksən. Sən bizi,
yaratdığın kişiləri sevəcəksən, ancaq biz kişilərdən heç bir zaman özünə sevgi,
məhəbbət duya bilməyəcəksən, çünki sən bizi bizim sevdiklərimizdən, əldə etmək
istədiklərimizdən, sənin kimi yaradıb, can verə bilmək itəyimizdən məhrum edirsən.
Özün
düşün. Mənim nə qədər haqlı olduğumu görəcəksən. Düzdür, sənə heç fikirləşmək
belə gərək deyil, sən mənim nə qədər haqlı olduğumu bilirsən, sadəcə o qədər
özünəvurğun, eqoistsən ki, mənim haqlı olduğumu qəbul edə bilmirsən, daha
doğrusu qəbul etmək istəmirsən.
Sənə
sualların var. Çox xahiş edirəm, ilk dəfə, heç olmasa məni yaratdığın gündən bəri
ilk dəfə səmimi ol. Suallarımı səmimi cavabla.
Birincisi;
sən bizləri, kişiləri yaratdın. Bizi yaradarkən bizə nə vəd etmişdin? Axı biz səndən
bizi yarat deməmişdik. Bizi özün üçün yaratdın, özünə yaratdın. Şeytan isə səndən
ağıllı çıxdı. Sənin yaratdığından da güclü olanı yaratdı, QADINLARI. Sənə qalib
gəldi. Bizi səndən aldı. Bilirsənmi niyə o, sənə qalib gəldi? Çünki o öz
yaratdığına AZADLIQ bəxş etmişdi; hər şeydən yeməyi, hər şeydən dadmağı onlara
vəd etmişdi. Sənsə bizi yaratdın, ancaq bizə heç nə vəd edə bilmədin. Bizsə sadəlöhvcəsinə
sənə etiqad etdik, halbu ki, sənə bizi yarat deyə yalvarmamışdıq. Sən bizi elə
yaratdın ki, biz sənə qul olmağımızdan zövq alası olduq, çünki sən bizdən
azadlıq hissini, azadlıq yanğısını, sevgisini bizi yaratdığın çürümüş, iylənmiş
torpağa qatmamışdın. Ona görə də quruluşumuz yarandığımız torpaq kimi çürük,
iylənmişdir. İblis sənə “Mən daha ali yaradılmışam. Mən daha azadam” – dedi –
“Sənin azad olmayan, iylənmiş yapıya malik yaratdıqlarına baş əymərəm. Mən
AZADAM, onlarsa sənin qulundur” – deyib, nə sənə, nə də bizə baş əymədi. Hamı
deyir ki, insanlar ancaq maddiyyat, ruzi, var dövlət üçün bir – biriləri ilə
vuruşur, bir – biriləri ilə ələşir, qırır, dağıdır, öldürür, məhv edir. Xeyr.
Bu belə deyil. Sən də eynən belə düşünürsən. Sus. Dinlə. İndi mən sənə bunun səbəbini
deyəcəm. Onlar ancaq azadlıq naminə, SƏN olmaq – iqqətlə qulaq as ha,sənin yox,
məhz SƏN olmaq üçün dünyanın ruhunu sənin üstünə qaldırırlar, səninlə
savaşırlar. Düzdür, məğlub olacaqlar, çünki sən daha güclüsən, amma qorx ki,
Şeytanın yaratdıqları – QADINLAR sənə qalib gəlsin, biz kişiləri sənin əlindən
alsın.
Bizi
ruzi verməkləmi aldatmaq istədin? Bizi yedirdib, özünə köləmi etmək istədin?
MƏN SƏN OLACAM! İnsanların gözlərini açacam. Onlara sənin əslində bizi azad
deyil, kölə yaratdığını anladacam. Hər kəsə. Mənə inanmayıb, sənə etiqad edən
qullarının bir – bir başını üzəcəm!
Mən bilirəm. Həqiqəti açıb söyləyəndən sonra səndən
ötrü yalnız beş – on bəndən mübarizə
aparacaq, yerdə qalan Böyük Səhradak qumların sanı qədər sayı – hesabı bilinməyən
insanlar zəif, lakin sənə kölə olmaq istəməyənlər, AZADLIĞI dadmaq istəyənlər,
və SƏN olmaq istəyənlər həqiqəti duyan kimi sənə qiyam qaldıracaqlar. Mən
onlara başçılıq edib, onların azadlıqlarını özlərinə bəxş etdikdən sonra mənə
minnətdarlıq edəcəklər, sənsə heyranlıq içində qalıb, ancaq quldarın quluna
qiyam etdiyi üçün verdiyi əlindən gələn ən mümkün cəzaları bizə vermək istəyəcəksən.
Sənin əlində biz aciz, haqqını tələb edən qiyamçıları həmişəlik ram etməyə və
bizi cəzalandırmağa, bizim ruhumuzu biz istəmədiyimiz təqdirdə, seçmədiyimiz
zamanda əlimizdən almağa, şüurumuza təsir etməyə, vicdanımızı yerindən dəbərtməyə
qadir olan üç qüvvən var; möcüzə, təsiretmə və həyat. Bunlardan ilk iksini
verdin, ancaq üçüncüsünü bizdən əsirgədin, bax elə bizi sənə kölə edən də bu
oldu. Mən səndən bunu alacam!
İkincisi;
əgər dediklərimə etirazın varsa sübut et. Sən qadınsan ya yox? Bilirəm, bunu da
bilirəm. Sən cavablamaqdansa susmağa üstünlük verəcəksən. Çünki sən məğrursan.
Səndə də qadın eqoizmi var. Səndə də qadın xəbisliyi var. Səndə də qadın
qısqanclığı var. Sən Məcnunu Leyliyə qısqandın, çünki sən onu özün üçün
yaratmışdın. Sən arzu edirdin ki, o, ancaq sənə aşiq olsun və Sənin yolunda məcnun
olsun. Məni də elə etmək istəyirsən. Amma bu baş tutmayacaq. İlknuru mənim əlimdən
aldın. Ancaq mən sənin olmayacam.
Sən
ancaq seçmə kişilərə üstünlük verirsən; ən kamilini, ən alisini, ən
qüsursuzunu, peyğambərliyə lyiq olanını seçirsən – İbrahim, İsmayıl, Musa, İsa,
Məhəmməd, Əli, Hüseyn və kimlər - kimlər. Sənin ancaq kişiləri, özü də ən seçmələrini
sevməyində bir sirr var və mən bu sirri artıq bilirsən ki, bilirəm və bütün
gücümlə bunu dünyaya bəyan edəcəm. Özün də bilirsən ki, mən bu bəyanımda
haqlıyam. Çünki mən bəşəriyyətin acizliyini bu cür sakit dərk edə bilmirəm, onu
var gücümlə yükündən azad edəcəm.
Üçüncüsü.
Üçüncüsü budur ki, sən bizə heç olmasa bundan sonra azadlıq bəğş edə bilərsənmi?
Onda inan ki, kişilər səni daha çox sevəcək və sənin sevginə laqeyd qalmayacaq.
Hamımız mehriban ömür sürən arı ailəsi kimi bu dünyada yaşayacağıq. Sevgimiz, məhəbbətimiz,
şükrümüz ancaq sənə olacaq. Şeytan, İblis, nə adlandırırsan bilmirəm, hətta o
da bizim sənə olan məhəbbətimizi ən gözəl, cəzbedici qadınları ilə bizim əlimizdən
ala bilməyəcək. Biz hamımız xoşbəxt bir cəmiyyətdə azad və firəvan, millət
anlayışı olmadan, xalq, irq anlayışı olmadan bir yerdə, bir dünyada yaşayacağıq
və nə indən belə qiyam olacaq, nə də bir – birilərini qıracağıq. Axı hamımız
azad olacağıq, heç kim heç kimin üzərində hakimlik haqqı olmayacaq.
Necə
bilirsən mən haqlıyam, ya yox? Özün də bilirsən ki, sən indiki halda insalara
verdiyin yalnçı vədlərlə onları necə dəhşətli köləlik həddinə və hərc – mərcliyə
gətirib çıxartmısan! – susdum. Həyəcandan
ağzımın içi pampıq kimi olmuşdu; yenidən divandan qalxıb, soyuducudan digər
Sirabı götürdüm, başıma çəkdim, yarıya qədər bir nəfəsə içib, qapağını
bağlamadan divanın yanına qoydum. Özümsə yenidən mələfəyə bürünüb, divanda
bardaş qurdum.
Mən
sənə qarşı müharibə elan edirəm – davam etdim. Sənin əslində kim olduğunu
hamıya yayacam. Mən AZADAM. Mən SƏN deyiləm. Mən MƏN olaraq öləcəm. Bütün
dünya, bütün insanlar, bütün Azərbaycan məndən bəhs edəcək. Məndən danışacaq.
Çünki mən haqqam, Nəsimi kimi. O da sənin
əsl simanı aça bilmişdi. O da azad idi və sənə kölə olmaq istəmədi, ancaq sənə
kölə olanların əliylə öldü. Mənsə mənə məxsus olanı heç kimə verməyəcəm. Mən
haqqam, ənəlhəq.
Yox
belə olmaz. Ruhum o qədər şişib böyümüşdü ki, dörd divara sığa bilmirdim.
TƏnginəfəs olmuşdum, nəfəsim marafonda qaçan atletin nəfəsi kimi idi, ruhum
genişləndikcə sinəmdəki ciyərim, ürəyim daralırdı. Bir az da baş gicəllənməsi gəlmişdi.
Əynimi geyindim. Qapını çırpıb, iti addımlarla pilləkəni enib, binadan
uzaqlaşdım.
Göy üzü də fikirlərim kimi
bulannıq idi. Binanı burulub, yolu keçmişdim ki, buludlar tək – tək yağmur dənələrini
üzü aşağı endirməyə başlamışdı. Yağmur yağmağa başlamışdı. Yağmurda öncə isti və
bürkü torpağı elə isitmişdi ki, yerə düşən damcı dərhal buxarlanıb yox olurdu. Yağmur
elə də gür yağmıdı. Sankı kimsə səmada oturub ələklə un ələyirdi.
İti addımlarla binanı keçəndə,
yolun digər tərəfində qəfil durdum.
Kiminsə məni qarabaqara izlədiyini hiss etdim. Geriyə döndüm. Heç kim yox idi.
Vahimə basmışdı məni; bir az əvvəl Allaha meydan oxuyan mən hansısa
qarabasmadan vahiməyə düşmüşdüm. Demək Allaha
üsyan qaldıra bilən insanda bütün hisslər ölsə də yeganə onda qalan hiss də məhz qorxu hissi
idi.
Yoluma davam etdim. Həyətyanı
bağları burulub, binanın arxasından keçən yola çıxdım. Yanılmırdım, məni kimsə
izləyirdi. Dəlimi olmuşam? Başımı aşağı salıb addımlarımı daha da yeyinlətdim.
Qarşıma kiminsə çıxdığını görüb qəfil dayandım. Lənət sənə! – qorxulu şey yox
idi.
“Bağışlayın” – məni
diksindirən kişi üzr istədi. Kənara çəkilib, mənə yol verdi. Mənsə yerimdən dəbərməyib,
kişinin qaranlıqdan seçilməyən gözlərinə baxdım. Kişi də qarşısındakı bu qəribə
insanın nə etmək istədiyini anlamağa çalışdı: kişiyə elə gəldi ki, qarşısındakı bu bivaxt
rastlaşdığı insan ona hədə qorxu gəlib ya telefonunu, ya da pulunu əlindən
alacaq. Heç birindən də onda yox idi. Ona görə də soyuqluğunu itirmədi. Mənisə
bunlar maraqlandırmırdı:
“Sən Allaha inanırsan?” –
çox sakit tərzdə soruşdum.
“Bbba . . .ba . . .
başa .. . başa düşmədim!” – qəfil verilən
sual kişini çaşdırmışdı. Nə qədər ki, qarşısındakını oğru sayırdı, tam rahat
idi, heç bir narahatlıq keçirtmirdi. Amma elə bir qeyri - müəyyənliyə düşdü ki,
bayaqki sayuqqanlığı sözün əsl mənasında qanını buza döndərdi.
“Təbii ki, inanıram. Allahu
əkbər.”
“Hı . . .!”
“Necə bəyəm?”
“Mən də inanıram. O var,
mövcuddur. Amma onun elə bir eybi var ki, onu məndən başqa heç kim bilmir. Bu
böyük həqiqəti məndən başqa heç kəs dərk edə bilməyib. Sən heç bilirdinmi ki, O
qadındır?!”
“Hə!” – “o soyqunçu deyil,
yüz faiz ya küpünə qədər içib, ya da damara işləyib. Ən yaxşısı, Allaha acıq
getməsin, onu inkar etmək belə olsa da bu qarşımdakı adamı yola verməliyəm.
Günün bu vədəsində, yağış təpəmdən tökə - tökə nə iş idi mən düşdüm.” fikirləşdiyinə
əminəm.
“Nə, nə dedin?” – soruşdum.
“Dedim ki, mən səninlə
tamamən razıyam. Ona hamı kişi deyir, amma mən də belə düşünürəm ki, o
qadındır.”
Özümü saxlaya bilməyib, iri
əllərimlə kişinin başından sıxıb, yanaqlarından öpdüm. O, ilk idi. Məni
anlayan, mənim kimi düşünən ilk idi. Onu ürəyimin başına qoymaq, onu bacardığım
qədər sevmək, oxşamaq, qucaqlamaq, bağrıma basmaq istəyirdim. O, ilk idi. Deməli
belə düşünən tək mən deyildim.
Çox şad idim, kişidən
ayrılıb, qaliblər kimi Allahın qarşısına, ona meydan oxumaq üçün atıldım. Bu
ilk uğur idi. İlk addım və nəticə. Mən
özümün dinini – Allahın mövcud olmadığı, İblisdın uzaq bir dinimi yaradacam;
özümün ideal ideyalarını bütün dünyaya təqlin edəcəm. Hamı mənə Allaha qalib gəlmiş
kimi AZAD insan kimi sitayiş edəcək. Kim mənimlədirsə o, AZAD – dır.
Başımı yuxarı qaldırıb; “Mən
də varam!” – dodaqlarımın ucunda pıçıldadım. Pıçıltı elə zərif, elə zəif oldu
ki, bircə onu özüm və mənə şah damarımdan
da yaxın olan Allah duya bildi. Ancaq mən danışır, Tanrısa susurdu. Mən “Mən də varam!”
deyir, Tanrısa susurdu. Mən məni yaradana qiyam edir məni yaradan isə susurdu.
Amma onu da yaxşı bilirdim ki, səbrin də bir həddi var. . .
Yağmur itiləşirdi. Artıq yerdə də gölməçələr əmələ gəlirdi.
Addımlayanda şappıltı duyulurdu. Yağış
damcıları ilə onurğam boyunca isti tər damcısı ombama qədər süzülürdü. Addımlarımı yeyinlədib, yola çıxdım. Yenə də mənə
elə gəldi ki, kimsə məni izləyir. Tez – tez arxama dönüb, boylanıram. Heç kim
yoxdur: Yəqin eyfariyadandır. Yolu keçib, səkiyə çıxdım. Addımlarımı yeyinlətdikcə
sanki yağmurun da sürəti artırdı. Yox, bu qarabasma deyil, kimsə məni izləyir. Səkidən çıxıb, yol qırağındaki binanın
arxasına keçdim. Hər tərəf üstü şam ağacları idi. İslanmış torpağın ətri
duyulurdu. Kimsəsizlik və ölü sükut höküm sürürdü. Gecənin vahiməsi daha da
artırdı. Birdən ağacın arxasından kiminsə qaçdığını gördüm. Yağmurun hər
damcısı bir adama çevrilirdi. Yerə düşən kimi çılpaq bədənlər naməlum istiqamətlərə
üz qoyub qaçışırdılar. Get – gedə sayları çoxalırdı. Addım atmaq istəsəm də damcılar məni tutub
saxlayırdı; yerə düşən damcılar minlərlə ələ çevrilib, topuğumdan, dizlərimdən
yapışıb məni yerə dirəmişdilər; xəzri də, gilavar da eyni vaxtda əssəydi də məni
yerimdən dəbərdə bilməzdi. Başımı yuxarı qaldırdım; nəyin baş verdiyini anlamaq
istədim. İri bir yağmur damcısı xəfif
küləkdə titrəşə - titrəşə yerə çathaçatda bəyaz mələfəyə bürünmüş qadına çevrildi; çox gözəl idi; elə yağmur
damcısı qədər saf idi; saçları küləyin istiqamətində dalğalanmağa başladı; gülümsəyib,
sol əlini hamilə qarnına qoydu, digər əlinisə mənə uzatdı. Çaş – baş qalmışdım.
Beynim də vücudum kimi donmuşdu. Məni tutub saxlayan əllər olmasaydı çoxdan yerə
sərilərdim; qışqırmağa heç cəhd belə edə bilmədim; bayaqdan Allaha meydan
oxuyurdum, indisə bəlkə də dünyanın ən aciz bəndəsi idim.
“Oğlum!” – qadın dilləndi –
“Mənəm sənin anan. Əlimdən tut. Həqiqətin nə olduğunu biləcəksən. Səni doğanı
da, yaradanı da biləcəksən. Sən həqiqətdən uzaq düşmüş idrakı acı balamsan. Sən
hələ də ( qarnını göstərir) doğulmamısan, hələ də bətnimdəsən. Sən qarın səsisən.
Səni məndən savayı heç kim duya bilməz. Səni o gecə mənim əlimdən aldılar, mənim
idrakı acı balam. Səni mənə həsrət qoydular, qoxunu duyammadım, ağlayışını
duyammadım, gülüşünü duyammadım, böyüməyini görmədim. Tut əlimi. Mənə yaxın ol.
Sənə əsl həqiqəti açıqlayım. Əsl həqiqət İxlasdadır. İxlaslı ol, mənim idrakı
acı olan balam!”
Minlərlə əl onu tutub məni saxlasa
da müvazinətimi itirib, arxası üstə yerə sərildim; çapalaya – çapalaya qalmışdım;
qusuntumda boğulurdum, cigərlərim havayla doymurdu; üzümə yağan yağmur
damlaları ayaqları olan insanlara çevrilərək, məni tapdalaya – tapdalaya üzərindəm
keçib, naməlum istiqamətlərdə qaçışırdılar; bircə anam başım üstündə durub, gözləyirdi. Gülümsəyirdi.
Susurdu, amma, yerindən tərpənmirdi. Yenə də əlinin biri bətnində, biri də mənə
uzanmış halda havada aslı qalmışdı. Ağrıdan çapalayıb süst düşdüm. Bənizim
ağarmışdı; yanaqlarım buz kimiydi. Anam əyilib buz tutmuş alnımdan öpdü; ətəyi
ilə üz – gözümə bulanmış qusuntunu təmizlədi. Hələ də sol əli bətnində idi, heç
əlini çəkmirdi. Sağ əliyləsə mənim cod saçlarımı tumarlayırdı. Başını aşağı əyib,
ağzını qulağıma yaxınlaşdırdı.
“Əsl həqiqət İxlasdadır.
İxlaslı ol, ey mənim idrakı acı olan balam. O Allah birdir. Heç kəsə və heç nəyə
möhtac deyildir. O nə doğmuş, nə də doğulmuşdur. O nə kişidir, nə də qadındır.
Onun heç bir tayı – bərabəri, bənzəri yoxdur!”
müasir həyata cavab verən , çox təsirli esse- oxumagınızı və fikirlərinizi çox istərdidm, əziz dostlarım...
YanıtlaSil