Yalquzaq

Düzənliyin sükutunu ac – yalavac canavar sürüsünün hərdən son taqətlərini cəmləyib, ulamaqları pozurdu. Qobustan çöllüyünün, tozanaq havası və suyun olmaması canavarlara qida tapmaları üçün əjdadlarının məskən saldıqları bu çöllüyü tərk etməyə məcbur edirdi, amma hara. Əhali tikə - tikə bu susuz, boş, ilan mələyən düzənliklərə də sahiblənmişdilər: düzənliklərin əsl sahiblərisə indi ac – susuz çöllükləri sülənir, özlərinə qida tapmaq ümidindəydilər. Hərdən bir boz buludlarla kölgələnən düzənlərin balaca sakinləri torpağın altında qazdıqları yuvalardan çıxır, yalquzaqların küləklə yayılan iyrənc iyini duyan kimi burunlarını yenidən torpağın altına soxurdular: hər halda isti torpağın altı az da olsa keçən qışdan qalan nəmliyi qoruyub saxlaya bilmişdi; busa siçovullara bəs edirdi. Qidalarını da torpaqdan çıxardırdılar: yovşanın ətirli və xeyli şirəli köklərini yeyir, həm qarınlarını doydurur, həm də su ehtiyatlarını ödəyirdilər.
Yalquzaqlarsa çox qürurlu idilər; onlar hərdən torpağın altından çıxıb gözlərinə sataşan siçovullara heç nəfis də keçirtmirdilər.
Qatı sürü qanunlarıyla idarə olunan yalquzaqlar aclıqdan bir – birinə qısılıb, isti və tozanaqlı küləkdən qorunmağa can atırdılar; buralarda külək yandırıcı qırmanc kimi vücuda çəkilir, lap cəhənnəm əzabına cevrilirdi. 
Son zamanlar düzənliyin sürünənləri də azalmışdı. Qobustanın heç yovşan bitməz qayalarında məskən salan qartalların ləzzətli naharları idi. Nə ilanlar, nə də kərtənkələ onların əlindən gizləndikləri qaya diblərindən burunlarının uclarını belə çıxarda bilmirdilər. Yaqlquzaqlarsa nə ilanlar, nə kərtənkələlərə, nə də torpaqdan seçilməyən boz siçanlara iştəha yetirmirdilər. Odur ki, quru qürürları ucbatından az qala aclıqdan bir – birilərini yeyəsiydilər.
Asta – asta hara getdiklərini belə bilməyən canavarlar ağız köpüklərini torpağa damızıdırıb, güclə sürüdükləri pəncələri altında torpağa qatırdılar; hərdənsə ötənlərdən, keçənlərdən xatırlayıb, susuzluqdan yerlə sürünən dillərini sallaya – sllaya əjdadların harayına səslənirdilər; nə vaxtsa çəmənlik olan bu çöllüklərin ceyran – cüyürlərindən qalma ağız dadlarını xatırlayırdılar; kaş o vaxtlar doyub, göydə süzən qartallar üçün pay qoyduqları yarı cəmdəkləri sonuncu tikəsinəcən yeyəydilər; qışlağa gələn çobanların sürülərini elə çoban qarışıq parçalayıb yeyəydilər. Eh. . . hanı o günlər, o gözəl günlər? İndisə vaxt vardı qaranlıqda parıldayan səma mavisi gözlərinin vahiməsinə ovsunlanan insanların əlindən öz dədə - baba yurdlarından qaçaq düşürlər.
Vəziyyət get – gedə ağırlaşırdı; 28 baş sürüdən indi ona yaxın yalquzaq qalmışdı; sürü qanunları, başçıya etimad, birgə mübarizə - bunlar da onların yaşayacaqlarına olan ümüdləri kimi ölmüşdü. Lakin boz ana canavarın səkkiz aylıq körpəsisə hələ də heç nəyi anlamır, onun üçün yalnız dünya var və bir də yaşamaq istəyi; o aclıq, problem, ölüm, ayrılıq, sürünün başsız qalması – bunları anlamır, dərk etmir; körpə beynində atlanıb – düşmək, anasının quyruğu ilə oynamaq, dəcəllik, ərköyünlük etmək, anasının, atasının ov dərslərindən müxtəlif cür bəhanələrlə yayınmaq, özünü yuxuya vurub, nə vaxtsa anasının köpək dişləriylə sürüyə - sürüyə onun üçün gətirəcəyi naharı gözləmək istəyindəydi. Amma sürü el gedir, gedir, gedir və sonu yoxdur. Ümumiyyətlə indi ayaq basdıqları tikanlı, tozanaq çöllüklərin qoxusu ona yad idi; bu torpaqlardan onun sürüsünün qoxusu gəlmirdi; ümumiyyətlə bu çöllərdən qoxu gəlmirdi.
Qəfil sürüyə çaxnaşma düşdü – sürü də deyirəm, əslində onlar bir neçə canavardan ibarət ac – yalavac dəstə idi.   
Dəstə ayaq saxladı. Sürü başçısının dişisi yerə sərilib, hərəkətsiz qalmışdı. Qara burnunu ağappaq köpüklə örtülmüşdü; tez – tez qalxıb – enən sinəsi bir – iki atışdan sonra süst düşdü. Qoca qurd dişisinə yaxınlaşıb, bir müddət seyr etdi – o indi balacaya nə deyəcəkdi? Hələ də ölümün nə olduğunu bilməyən oğluna necə başa salacaqdı ki, anası ölüb?
Dəstədən geri qalan balaca dəstədə nəsə qəribə bir şeyin baş verdiyindən duyuq düşmüşdü. Asta yerişləriylə, pəncəsini torpağa mğhkəm basıb, yerə uzanmış anasına yaxınlaşdı; balaca qara burnu ilə anasını iylədi: ondan aradığı doğma iy gəlmirdi; anası bu çöllüyün ürək bulandıran, ölüm qoxulu iyi gəlirdi. Sual dolu gözləri ilə atasına baxdı. Ata da susurdu. İçindən üzü göylərə sarı ulamaq gəldi, amma taqəti qalmamışdı. Son dəfə oğlunun gözlərinə baxdı – bilirdi ki, o da dişisi kimi gec - tez bu çölün qoxusunu verəcək. Oğlusa hələ gənc idi; yaşamaq gücündəydi.
“Anan yatıb oğlum. O çox yorğundur. Dincini alıb, bizim arxamızla gələcək” – dedi ata canavar öz oğluna, sərt baxışlarıyla. Balacasa tərs idi, inadkar idi. Anasını tək qoymaq istəmirdi. Və öz inadında da qaldı. “Bəlkə elə belə yaxşıdır. Mən onun itkisinə dayana bilmərəm. Ona bir şey olsa heç olmasa gözüm önündə olmaz.” – ata canavar yola davam qərarını verdi. Dəstə qoca qurdun arxasınca sürünməyə başladılar; yorucu səyahət, yorucu yol; hava da dəhşətli isti di; susuzluqsa aclıqdan da üstün gəlirdi.
Balaca get – gedə uzaqlaşan dəstəyə tərəf heç baxmadıda; tənhalıqdan da qormurdu – anasının yanındaydı axı. Aclıq, susuzluq barəsində də fikirləşmirdi – anası ona nahar gətirəcəkdi. İndi yorulub, dincini alır; birinci dəfə deyil ki, həmişə belə edirdi, anası ovdan qabaq dincəlirdi, gündüzlər günəşdən işıq, gecələrsə aydan enerji alırdı.
Artıq hava qaralırdı, nahar vaxtı idi; anasa yatırdı. Bala canavar balaca qara burnuyla anasını qarnından dürtüşdürməyə başladı. Birdən körpəliyi, lap körpəliyini xatirladı; dilini uzadıb, anasının toza, torpağa bulaşmış məmələrini dartışdıra – dartışdıra ağzına aldı. Ha əmdi, dartışdırdı, sovurdu ağzına bir şey getmədi.
Məmələrin toz – torpağına bulanmış dilini pəncəsinə sürtüb təmizlədi; ağzı zəhər dadırdı;  vəhşilik instikti güc gəlirdi – acsansa özünə qida tapmalısan.
Bir – iki addım anasından aralanıb, başını sağa – sola bulayaraq, üzü gün batana, qürüb arxasınca, bibər qırmızısı səmaya ulamağa başladı – aman Allah alındı! Nə vaxt idi atası ona Allah şükranlığı öyrətməyə çalışırdı, amma heç cürə alınmırdı; sancılamış çaqqal kimi ulayırdı. Busa canavara yaraşmazdı. Amma indi alındı. Başqa vaxt olsaydı sevincindən atılıb – düşərdi, ancaq hər şeyi anlamışdı; bir gün yaradılan, bir gün də öləcək. Anasının ruhuna öz harayını çardırdı: “Uuuuuuu. . . Əlvida, ana!”
Dəstəsə öz yolundaydı. Yolda digər bir canavar tab gətirməyib, ölmüşdü. Dəstədə heç bir üstünlük sahibi olmayan canavar olduğu üçün ona sayqı duruşu durmağı lüzum bilmədilər. Gecə düşmüşdü. Bədrləmiş ay sanki torpağın günəşdən aldığı istinin hamısını özünə çəkmişdi; çöllük qış fəslini yaşayırdı; sısqa soyuqlula əsən külək canavarların tüklərini iti dişli daraq kimi darayrdı.
Yenə də dörd baş qalan dəstə arasına çaxnaşma düşdü. Bu səfəri nə dəstə başçısı ölmüşdü, nə digər nüfuslu canavar. Onlar ov görmüşdülər: yovşanlıqdan çıxan boz dovşan ailəsi əsl nahar idi – bunu əldən vermək olmazdı.
Fürsəti yerindəcə dəyərləndirib, dovşanların dalınca qaçdılar. Bu onların son ehtiyat gücləri idi, amma peşəkar ovçular üçün beş baladan və ata dovşanla ana dovşandan ibarət ailəni tutub boğmaq heç də çətin olmadı.
Ovu tutmuşdular, lakin ən çətin məsələ ovu bölmək idi.
Bala canavar anasının leşindən ayrılıb, izlərlə dəstənin yoluna düşdü. Nə qədər iyləsə də, lap burnunu torpaqla sürüyə - sürüyə iyləsə də yenə də dəstəsinin qoxusunu duya bilmirdi – torpaq bütün qoxunu canına hopdurmuşdu.
İzlər seyrəlir, ləpirlərin sayı azalırdı. Müəyyən məsafədən bir rastlaşdığı “yatan” canavarları oyatmadan yanlarından ötüb keçirdi.
Aha. . . doğma qoxu.
Nəhayət ki.
Addımlarını yeyinlətməyə başladı; torpağa toğunan pəncələr özündən sonra iz qoymurdu – pəncələr yerdən üzülmüşdü. Qoxu qan qoxusuydu – onu özünə çəkirdi.
Çox qaçmadı. Günəşdən aldığı işıqla parlayan gözlərinin işıqları anasının üzünü tutub, uladığı ulduz kimi söndü. Qan qoxusu – doğmalarının qanı idi, torpaqla bir olmuşdu. Ovu bölüşdürmək üstündə qoca qurdla digər üç gənc canavar arasında qirğin düşmüş axıra sağ qalan qalib canavarsa sonda taqəti qalmayıb, can vermişdi.
Balaca – o artıq balaca deyildi, axı ulamağı bacarırdı – leşlərə baxıb, yenə də başını buladı; heç bir yanğı, ayrılıq duyğusu, ölüm qorxusu hiss etmədi: “kim güclüdür o da yaşayacaq” - çöllər belə deyir.

Leşlərin yanından düz keçib, dovşanları hələ də damarlarındakı qanları soyumamış parçalayıb, əsl vəhşi canavara layiq şam elədi. O indi cəsur idi; o indi ulamağı bacarırdı; o indi parçalamağı bacarırdı; o indi əsl vəşhi instiklərinə sadiq canavar idi; başını yuxarı qaldırıb, uladı: “Şükür sənə, ey böyük Yaradan! Uuuuuuuu” 

Yorumlar