Lavanda Ətri



“Sənə deyəcəyim var.”
“Mənim də.”
“Nə?”
“Sən de.”
“Yox sən de.”
“Birinci sən söz açdın. Sən deməlisən.”
“Onda gəl, püşk ataq. . .”
“Smen – şe – vo edək.”
“Nə?”
“Biz uşaq olanda belə mübahisəli məsələlərdə smen – şe – vo edirdik.”
“Xi xi xa xa. . . onu necə edirdiniz?”
“Yumruğumuzu sıxıb, smen – şe – vo deyib, ürəyindən keçən sayda barmaqlarını açıb, bir rəqəm göstərirsən.” – bütün bunları izah etdikcə əli ilə göstərirdi – “əvvəlcədən razılaşdırılmış şəkildə azdan, ya da çoxdan sayırsan. . .”
“Necə ki, azdan, ya da çoxdan?”
“Yəni əvvəlcədən razılaşsaq ki, azdan sayırıq, o zaman kim əli ilə az rəqəmi tutubsa ondan da saymağa başlayırıq, yox, əgər çoxdan demişiksə onda çox tutandan başlayırıq. Sonuncu rəqəm kimdə qalsa o udur. Yəni birinci o nə demək istədiyini deyəcək.”
“Həəəə, başa düşdüm. Onda başlayaq.”
“Azdan saydı, ya çoxdan saydı?”
“Azdan saydı olsun. Mən həmişə azların tərəfindəyəm, bunu özün də bilirsən.”
“Olsun azdansaydı. Smen – şe – vo deyən kimi istədiyin rəqəmi əlində göstərirsən. Smen – şe – vo!”
“Mən üç tutdum, sənsə beş. Yəni məndən saymağa başlayacaqsan?”
“Aha, bir – iki – üç – dörd – beş – altı – yeddi – səkkiz! Məndə dayandı. Mən deyəcəm.”

“Lap yaxşı, elə mən də istəyirdim ki, birinci sən deyəsən.”
Pauza.
Sakitlik.
Tərəddüt.
Həyəcan.
Səbirsizlik.
“Bu gün gedirəm, qayıtmalıyam.” – dedi Araz.
“Necə yəni gedirəm?!”
“Bakıya gedirəm.”
“Məni atıb?”
“Yooo, həmişəlik getmirəm. Müharibə başa çatan kimi qayıdacam.”
“Getməsən . . .”
“Axı necə getməyim? Mən zabitliyi oxuyub baş - leytinantı ona görə almışam ki, mənim ölkəmdə müharibə getdiyi halda, Latviyada kef edib, xidmətdən yayınım, Qarabağın necə zəbt edildiyini səninlə divanda qol – boyun olub televizordan izləyim? Bacarmaram. Getməliyəm.”
“Axı səni ora heç nə bağlamır, anan yox, atan yox, orda heç kimin yox. Amma burda mən varam.”
“Orda bütov bir Azərbaycan var.”
“Sən Allah, mənə vətənpərvərlik göstərisi etmə. Getmək keçir ürəyindən bu başqa məsələ, məndən canını qurtarmaq istəyirsən, bu da başqa məsələ, elədirsə get.”
“Camım, həyatım, mən səndən canımı qurtarıb müharibəyə getmək istəməyim, sənə qəribə gəlmir? Mən səndə ayrı ancaq ölümə gedə bilərəm, müharibənin özü elə ölümdür.”
“Mən də elə buna görə istəmirəm ki, gedəsən. Başa düşürsən, səni itirə bilmərəm.”
“Ağlama – ağlama. Başını qoy sinəmə, Oxaaay! Saçına yenə də lavanda yağı sürtmüsən? Çox gözəl qoxuyur.  Mən bu qoxunu heç vaxt unutmayacağam.”

Bakıda dünyaya gələn Araz heç ağlının dərk etmə qabiliyyəti formalaşmamış gözünü açandan inernatda böyüyüb, orda oxuyub, ordakıları anası, atası, qardaşı bilib. Valideyinlərinin sağ olub, olmadığı haqqında kiçik də olsa anlayışı belə yox idi; adını da, soy adını da internatda vermişdilər; həmən – həmən hər yetim uşağa Əli, Vəli, ya da dövrün ən yayılmış adlarından qoyurdular, o vaxtlarsa Araz da çox qoyulan adlardan idi. Məmmədov soy adınasa alternativ yox idi, ölkənin bütün internatlarında valideyinləri bəlli olmayan uşaqlara nədənsə Məmmədov soyadı qoyurdular, sonralarsa Əliyev soy adından da çox istifadə etdilər – ona görədir ki, indi Azərbaycanda ən çox yayılmış soyadlarından biri Əliyev və Məmmədovdur. İnternatı çox dəcəlliklə və zülüm – zillətlə bitirən Araz hamını şoka saldı; Rusiya SFSR – də hərbi akademiyaya daxil olmuşdu, oranı da fərqlənmə ilə bitirib, leytinant rütbəsi ilə Latviyaya təyinatını almışdı. Elə Tati ilə də Latviya Hərbi Komissarlığında tanış olmuşdular. Əsl adı Tatyana idi, amma, uşaqlıqdan hamı ona Tati deyirdi deyə, o da özünü hər kəsə belə təqdim edirdi, həm də öz adından çox Tati adından xoşu gəlirdi; “Tati daha şirin səslənir” – deyirdi.
 Tati komissarlıqda kargüzarlıq işlərinə baxsa da o da hərbi akademiyanı bitirib və leytinantın iki ulduzunu çiyinlərində daşıyırdı və çox mahir snayper atıcısı idi, nişangahı gözünə qoymağı ilə ştativdə onluğu vururdu.
Arazla Tatinin münasibətləri də elə burdan başlamışdı, ilk əvvəllər salam – sağol, sonrasa əsl hərbiçi kimi sevdalaşma – atəş hazırlığı çərçivəsində komissarığın bütün şəxsi heyəti poliqona getmişdi, snayperdən atəş üzrə atıcılıda hətta baş komissarı belə üstələyən Tatinin onluq atışını ancaq Araz təkrarlaya bilmişdi; bunun təsadüfən belə alındığını deyən Tati Arazın atışını qəbul etməmişdi, ikincisi də, üçüncüsü də onluğa sirayət edən atəşdən sonra əməkdaşlar Tatinin bu işdə tək olmadığına sevindilər. Arazın nişangahı gözünə qoyub açdığı sonrakı “atəşsə” yüz ballığa sirayət etmişdi, bir başa Tatinin ürəyinə.
İlk vaxtları ayaq üstü romantik baxışlar, sonra nahar yeməkləri, nahardan sonra şam yeməkləri, kinoya getmələr, kinonu evdə izləmələr, bir sevgi filmində əskik olan sevişmə səhnələrini yataqda davam etdirmələr: bir – birilərinə əməlli başlı bağlanmışdılar, hətta evlənmək qərarını belə vermişdilər. İksi də yaraşıqlı, gözəl deyildi, Araz arıq, uzun boylu, iti cizgiləri olan, ciddi baxışları ilə istənilən adamı susduran və qorxuya salan, çox danışmağı sevməyən, amma, yeri gəldikdə zarafatdan da anlayan, zarafat etməyi sevən, filmə baxmaxı sevən – hobbisidir -  birisi idi; bütün bunları Tati haqqında da demək olardı, daha konkretləşdirsən Tati onun dişi forması idi, ona görə bir – birilərini yaxşı anlayır, susmaqları ilə də bir – birilərinə xeyli söz deməyi bacarırdılar.
Latviyanın, eyni zamanda bütün Baltikyanı ölkələrin müstəqillik qazanması və Sovetlərdə olan hərcmərclik, ittifaqın dağılması kimi hadisələrdən sonra Araz ümumuiyyətlə Latviyada qalmağı, ömrünü orda başa vurmaq qərarına gəldi, Azərbaycana onu bağlayan internat xatirələrindən başqa heç nə yox idi. Amma eşidəndə ki, Ermənistan Azərbaycana hücum edib, müharibə var, bu gün səhər Tatiyə getmək qərarına gəldiyini bildirdi, o da müharibə bitənəcən. İlk fürsətdə qayıdacaqdı, yenə də Tatisinin yanına. Çox, amma, çox çətinliklə Tati Arazın getməsinə razı oldu, ən azından bir zabitə kimi Arazı anlayırdı, O da elə edərdi, mahir atıcılıq qabiliyyəti ilə ən ön cərgədə olardı.
Nə demək istədiyi növbəsi Tatiyə çatanda heç nə demədi, elə hey ağlayırdı, həyəcandan unutduğunu dedi, həm də  elə də vacib bir şey deməyəcəyini, romantik bir gün keçirtmək istədiyini bildirəcəyini dedi, Araz da çox elə üstünə getmədi. 

Arazı kadr çatışmamazlığından gələn kimi kəşfiyyat dəstəsinin komandiri təyin edilib, bölüyü ilə bəbabər cəbhəyə göndərildi. Dəstəsi ilə bərabər bir neçə ağır döyüşlərdə və kəşfiyyat əməliyyatlarında iştirak etdi, uzaqgörən strategiyası sayəsində cəbhədə olduğu 5 ay ərzində ancaq iki şəhid vermişdi, onlar da ehtiyatsızlıqdan minaya düşmüşdülər; komandiri olduğu bölük öz intizamı ilə fərqlənirdi, bir neçə əhəmiyyətli döyüş qabağı əldə etdikləri kəşfiyyat məlumatları nəticəsində həmin döyüşdə üstünlük əldə edilə bilmişdi. Hər bir əsgərinə xüsusi qayğı göstərsə də əsgərlərinin içində Eldarın xətrini ayrı istəyirdi, niyə heç özü də bilmirdi, özündən yaşça kiçik olan, bu yaraşıqlı, hündür boylu, ciddi, olduqca məntiqli, ağıllı və ürəkli əsgərini çox sevirdi, qardaşı bilirdi, onunla dərdləşir,  Tatisi haqqında da ancaq ona danışmışdı, yeri gələndə hansısa əməliyyatı onunla məsləhətləşirdi, etibar edirdi, ona güvənirdi; demək olar bütün əməliyyatlarda onunla bir gedirdi; təqdimat yazıb Əli Bayramlı Hərbi Komissarlığından könüllü xidmətə yazılan Eldar üçün kiçik çavuş vəzifəsi də almışdı, ona tez bir zamanda çavuşluq da söz vermişdi.
Xocalıda vəziyyət olduqca ağır idi, əldə etdikləri kəşfiyyat məlumatlarında tezliklə Ermənistan ordusunun Rusiyanın 365 – ci motoatıcı alayı ilə rayona hücum çəkəcəyi açıq aydın görünürdü, amma, heç bir tədbir görülmürdü. Xocalı üzük qaşı kimi mühasirəyə alınmışdı.  Əskəranda qarşılıqlı atışma zamanı Araz üç əsgərini itirmişdi, Eldarla birlikdəsə Əskəran meşəsində tələyə düşmüşdülər. Ordan qurtuluş ancaq iksindən birinin onları izinə düşmüş erməninin izini azdırmaqla digər biri xilas ola bilərdi. Bütün inadına baxmayaraq, Eldar komandirinə qaçmağı xahiş etdi, ona yalvarırdı; “Söz verirəm, elə edəcəm onlar məni öldürə bilməyəcəklər, ən pisi əsir düşəcəm, onda sən məni xilas edərsən.” Eldar qərarlı idi, komandirinin  “olmaz” əmrini gözləmədən, bir neçə istiqamətə atəş açıb, özü də meşənin Əskərana çıxan tərəfə qaçdı, arxasınca gələn dəstə onun izinə düşdü, sonrasa bir neçə atəş səsi, daha meşədən səs gəlmirdi. Həmin günü qışın şaxtasında Araz qurtulmuşdu, özünü bir təhər bizimkilər tərəf çatdıra bilmişdi.
Sonrası məlum məsələ əldə edilən kəşfiyyat məlumatlarına baxmayaraq, qabaqcadan bilinsə də heç bir tədbir alınmadı – 26 fevral 1992 – ci ildə Xocalıda erməni ordusu və 365 – ci motoatıcı alayın müttəfiqliyi ilə görünməmiş qətliam törədildi.
Xocalıda baş verənlərdən sonra bütünlüklə Azərbaycan sarsılmış oldu, bir – birinin ardınca rayonlar zəbt edildi. Arazsa hər gün ona görə öz canından keçən Eldar üçün dua edirdi. Bir neçə dəfə müxtəlif kanallarla Eldarı soraqlasa da heç bir məlumat ala bilmirdi. Çox təsadüfən müyidlərin dəyişdirilməsi zamanı erməni zabitlərindən biri Araza onlarda onun əsgərinin əsir olduğunu dedi, sonra onu bu vaxt ərzində nə əcəb öldürülmədiyini soruşanda eşitdiyinə inanmadı – kilsə onu mühafizə edir.
Kilsə Xankəndinə gətirilən əsirlər arasından özünə qurban axtarırdı; əsrlər arasında yaraşıqlılığı və uca boyluluğu ilə, fərqlənən Eldarı seçirlər. Uzun müddət ona qulluq edirlər, kilsədə saxlayırlar, vaxtaşırı çimizdirirlər, onu saf, pak saxlamağa çalışırlar. Bütün bunlarınsa nə üçün edildiyini Eldar anlamırdı. Erməni zabitisə Araza Eldarın nə üçün saxlanıldığını, kilsə tərəfində mühafizə edildiyini deyəndə Araz dəli olmuşdu. Nə yolla olursa olsun, özünü Xankəndinə çatdırmalı idi, elə də etdi, amma, gec idi. Milad bayramı ərəfəsində idi, kilsə Xankəndində miladla əlaqədar olaraq və qələbələrinə görə şükranlıq olsun deyə İsa Məsihin ölüm səhnəsini canlandırmaq istəyirdi, bunun üçün də İsaya layiq bir əsir tapmışdılar, bu Eldar idi. Milada bir neçə gün qalmışdı, Xankəndində olan erməni ailələrini meydana toplamışdılar. Eldarınsa belinə İsa Məsihdə olduğu kimi iri bir çarmıx bağlayıb, küçələr boyunca meydana sürütdürürdülər, eynən İncildə olduğu kimi yol boyunca onu avtomat qundaqları ilə döyürdülər, üzünə tüpürürdülər, üstünə sidik tökürdülər, dayanıb, nəfəsini almaq istəyəndə əsgərlər başına işəyirdilər; meydana çiynində sürüdüyü çarmıxına eynən İsa kimi mismarlayıb, çarmığı əvvəlcədən qazılmış çuxurda dikinə basdırdılar; uzun müddət meydana toplaşanlar onu daşlayır, üstünə təzək atırdılar, bütün bunlarısa Araz kənardan izləyirdi, heç bir müdaxilə edə bilmirdi. Axırda tamaşaya toplaşanlar yorulub, dağılışdılar, başına nəzarətçi qoyulan əsgərlər də axşamın şaxtası düşən kimi meydandan getdilər. Vaxt idi. Araz çox çətinliklə hələ də qurumamış betonu avtomatının qundağı ilə eşib, çarmıxı yerə aşırdı, Eldar çoxdan qanaxmadan və şaxtadan şəhid olmuşdu. Çarmıxdan onu azad edib, kənara qoydu, Çarmıxı çox ağır və hündür olmasına baxmayaraq çətinliklə dikəldib, yenidən çuxura yerləşdirdi, daşla dibini bərkidib, qazıb çıxardığı beton qarışığını yenidən çarmıxın dibinə tökdü. Sonrasa Eldarın cəsədini çiyninə aşırıb, heç bir iz qoymadan ordan uzaqlaşdı, Xankəndində, meşəlikdə bir ağacın dibində yer qazıb onu dəfn elədi; altında dəfn etdiyi ağacın gövdəsinə bıçağı ilə “Bura Eldarın məzarıdır” yazdı, altından tarıx qoydu. Səhər açılmamış ordan uzaqlaşmalı idi; Xankəndindəsə hamı İsanın möcüzəsinin təkrarlandığını deyirdi, İsanın rolunu oynayan əsir eynən İsa kimi qeybə çəkilmişdi.

Müharibə boyunca məğlubiyyət davam edirdi, bir – birinin dalınca rayonlar zəbt edilirdi, artıq 1993 – cü il idi, Bakıda da siyasi məğlubiyyət baş vermişdi, kim kim idi bilinmirdi; müharibə boyunca yeganə olaraq ermənilərə məölub olmayan, ir qarışını belə onlara qapdırmayan rayon Goranboy oldu, Ağcakənddə məskunlaşan ermənilər gecə ilə qaçmışdılar, Maşallahın, Rasimin dəstələri Goranboyu qoruya bilmişdi, Gəncə də hər an təhlükədə olsa da düşməni yaxın buraxmamışdılar; Füzuli, Zəngilan, Qubadlısa bir – birinin ardınca bir neçə ay ərzində itirilmişdi. Eyni zamanda ağır döyüşlər davam edirdi. Araz Gülüstanda düşmənlə təmas xəttindəydi. Gecə saatlarında qarşılıqlı atəş açılmışdı, bir – birinin ardınca üç əsgər snayperlə başından vurulub şəhid edilmişdi. Atəş eyni istiqamətdən gəlmişdi, demək ki, bir atıcının işi idi. Snayperi snayper atıcısından aldı, əsgərin yerinə keçdi, gözünü nişangaha söykədi, hədəfi müəyyən etdi, nişangahı hədəfin tam alnına tuşladı; küləyin istiqamətinin, sürətinin, gecənin, ulduzun, ayın belə təsirini ani olaraq hesabladı, barmağını tətiyə qoyub, atəş etdi, onluq atış idi, əsgərlərin irəliləməsinə mane olan mahir düşmən atıcısı zərərsizləşdirilmişdi; hazır əli tətikdəykən RPQ atıcısını da hədəfə aldı və 7.62 çaplı güllə hədəfdən yayınmadı. Atışma uzun çəkdi, səhərə yaxın düşmən tərəfi ağır itkilər verməklə geri çəkildi. Alınmış düşmən postuna ilk öncə mina axtaranlar getdi, ətrafın təmiz olduğu bildirildi, sonrasa Araz bir neçə əsgəri ilə posta getdi, snayperçini görmək istəyirdi. Snayperçinin yerə sərilmiş cəsədini görən əsgər Arazı səslədi;
“Komandir, tapdım onu, qadınmış, yəqin muzdla tutulan snayperçilərdəndir.” – Erməni ordusunda müxtəlif ölkələrdən gətirilmiş mahir muzdlu snayper atıcıları var idi, əksəriyyəti qadın atıcı olan muzdlular yüksək məbləğ qarşılığında atıcılıq üzrə yüksək dərəcələr almış peşəkarlar idi, odur ki, onları ancaq peşəkar biri susdura bilərdi.
Komandir ona yaxınlaşanadək əsgər cəsədin cibləri yoxlamağa başladı, qiymətli bir şey olsa komandir gəlməmiş cibinə qoya bilsin; cəsədin buşlatının içəridən döş cibinə əlini salıb, nəsə çıxartdı, pul qabı olacağını düşünürdü, ancaq, çıxartdığı şey blaknot idi – içində gündəlik yazılmışdı, latış dilində olduğu üçün heç nə anlamamışdı; bloknotun arasındasa iki şəkil var idi.
“Komandir! Komandir! Tez gəl, Komandir!”
“Nə olub, nə tapmısan?”
“Dünən vurduğun snayperçinin  buşlatının cibindən bloknot tapdım. . .”
“Eee. . .” – Araz əsgərə tərəf getdi.
“Bloknotun arasındansa sənin onunla birgə çəkdirdiyin şəkil, bir də özünün qucağında uşaqla şəkli var.”
Dünyalar başına yıxılmışdı; gecə alnının ortasından vurub yerə sərdiyi snayperçi Tati imiş, Latviyalı muzdlularla birgə böyük məbləğdə pul müqabilində gəlmişdi, Arazın qarşı cəbhədə olduğunu bilsə də heç vaxt onunla üzləşməyəcəyi ümüdündəydi.  Qaçaraq cəsədə yaxınlaşdı; tanıdı, dərhal tanıdı, bu onun Tatisi idi; baş ucunda yerə çökdü, ağladı, bağırdı, onu qucaqladı, başını sinəsinə sıxdı, təzə lavanda ətri güllənin dağıtdığı başınının qanına qarışsa da hələ də duyulmaqda idi.
Müharibə ondan ikinci, həyatında qalan yeganə sevimli insanını da almışdı.

Bloknotda Arazın Latviyadan getdiyi gündən sonra Arazsız ilk günlərinin necə çətin keçirtdiyi yazılmışdı, daha sonrasa oxuduğu şeylər Tatini itirməyin acısını ona bir daha daddırmışdı;

1991 – ci 13 oktyabr:
“Araz getmək qərarını verəndə mən də ona bir xəbər vermək istəyirdim, amma, smen – şe – vo püşkündə o qalib gəldi, birinci o gedəcəyini dedi, ona görə də mən demək istədiyim xoş xəbəri ona demədim, çünki mənası yox idi artıq. Mən ona hamilə olduğumu deyəcəkdim, ondan bir uşaq gözləyirdim, ən böyük arzum real olmuşdu.” 

24.10.1991:
“Uşağı aldırmaq istədim, xəstəxanaya getdim, abort qərarım qəti idi, amma, bacarmadım, aparatda uşağın ürək döyüntülərini eşidəndə bacarmadım.”

28.02.1992:
“Aman Allah, sən özün Arazımı qoru. Azərbaycandan – Arazımın olduğu yerdən dəhşətli xəbərlər alıram, bir rayonun tamamən məhv olduğunu, orda soyqırım törədildiyini televizordan eşidirəm.”

21.03.1992:
“Arazın ən sevimli bayramını qeyd edirəm. O həmişə Novruzu qeyd edirdi, çünki bu bayramı sevirdi. Mənə bu bayramın onun ölkəsinin yeni il bayramı olduğunu deyirdi. Mən də bətnimdəki qızımla bərabər bayram edirik.”

04.08.1992:
“Qızım dünyaya gəldi, qızımız. Bizim qızımız, Araz!”

07.08.1992:
“Xəstəxanadan çıxdım. Uşağa hələ də ad qoymamışam, sən gəlincəyədək də ona ad qoymayacam. Qızımızın adını sənin qoymağını istəyirəm.”

19.10.1992:
“İşsiz idim, ölkədə vəziyyət yaxşı deyildi, pulsuzluqdan əziyyət çəkirdim. Anamgildə qalırdım, çünki kirayə qalmağa pulum yox idi, onu da yaxşı bilirdim ki, anamgil bu haldan heç də razı deyillər. Ona görə özümə təcili iş tapmalı idim. Hərbiçi dostlarımdan biri mənə Ermənistana muzdlu atıcı tələb olunduğunu, buna görə yaxşı pul verdiklərini dedi. Heç tərəddüt etmədən razılaşdım, dedikləri kimi də yaxşı pul aldım, banka qoydum. Bir qismini də uşağa baxmaq üçün anamgilə verdim. Yollandım Ermənistana.”

31.10.1992:
“İlk döyüşə girirdim, altı əsgər vurmuşdum. Artıq birinci gündən hamı məndən danışırdı. Hər vurduğum əsgərin Araz olmaması üçün dua edirəm.”

19.12.1992:
“Məni bağışla Araz, səninlə üzbəüz qarşı cəbhələrdəyəm. Məcburam, qızımız üçün.”

01.01.1993:
“Bir gün bu müharibənin bitəcəyini, səninlə qovuşacağımı arzu edirəm. Blaknotumun arasındakı səninlə çəkdirdiyim şəkli hər gecə öpüb, qoxlayıb, yenidən bloknotun arasında ürəyimin başına qoyuram. Qızımızın da şəkli sənin şəklinin yanındadır.”

21.03.1993:
“Heyf ki, imkanım yoxdur, yoxsa sənin bayramını qeyd edərdim. Onsuz da az qalıb, bir aya gedəcəm. Sənin üçün və bir də qızım üçün çoooooox darıxmışam.”

23.04.1993:
“Bu gün sonuncu döyüşümdür. Sabah evə gedirəm. Bu gün saçıma lavanda ətri sürtəcəm, təzə lavanda qoxusu gəlsin məndən, kim bilir bəlkə bu döyüşdə rastlaşdıq, mənim üzümü unutsan da lavanda ətrindən xatırlayarsan bəlkə.”

SON



Yorumlar