Birisi 100 dollar gizlətdi vay sarmaşıqın halına
Rus kanallarının birində yayımlanan çox orijinal strukturu olan səyahət verlişlərindən biri «Орел и решка» (men özüm də bu programı bəyənirəm və demək olar ki, hər buraxılışına baxıram. Ancaq insanı yaman depressiyaya, kompleksə salır, her halda kasıblar üçün bu belədir) proqramının Bakıya həsr edilmiş buraxılışının sonunda bütün şəhərlərdə olduğu kimi, şərab şüşəsinin içinə 100 ABŞ dolları əskinazı yerləşdirib bir yerdə gizlədirlər. Kim tapsa pul onun halal xoşu.
Hər səfəri verlişin sonunda pulu gizlədəndə sizdən nə gizlədim ağlıma o gəlirdi ki, Bakıya da gəlsəydilər, mən də gedib o pulu götürərdim. Söhbət 100 dollardan getmir, onu tapmaq ləzzətindən gedir. Həm də niyə yekəxana danışım ki, 100 dollar da az deyil axı.
Arzuma çatdım.
Amma qismən
Şəkildə də göründüyü kimi qardaş məndən qabağa düşmüşdü.
Verlişin sonunda aparıcı şad xəbəri elan elədi: pulu şüşəyə qoydu və bulvarda Qız Qalası ilə üzbəüz dayananda solda yüz metr irəli gedib, ağaca sarmaşmış sarmaşıq kolunun dibinndə gizlətdi. Verliş bitər bitməz əynimi geyindim; maşını isitdim. Yeganə dezavantajım Yeni Günəşlidə binə salmağım idi. Ordan qeyd edilən sarmaşıqlıqlara tıxac olmadığı təqdirdə azı yarım saata gedib çatacağımı hesabladım. İçimdən dua da keçirtdim; Nə olar Allahım, məndən tez ora çatan olmasın. Gördüm yoxee, bu dua uğursuz oldu. Ola bilməz ki, yarım saatın içidnə ora məndən tez heç kim çatmasın. Duanı dəyişdim: Allahım, nə olar, bu verlişə bu gün məndən başqa heç kim baxmamış olsun.
Maşın olan dəmir parçası VAZ2107 elə bil qəsdimə dayanmışdı: burdan da on dəqiqə itirdim - isinmək bilmirdi. Maşın isinən kimi əyağımı basdım qaza. Yolda ancaq 100 dollar haqqında düşünürdüm. Onu xərcləmək fikrim yox idi; əzizləyib, xatirə kimi elə şüşənin içində də saxlayacaqdım (yersiz zarafat oldu. Fikirləşirdim, maşının peredokunu yığdıram). Vaxt artır, qeyd edilən məkana olan məsafə qısalırdı.
Və nəhayət. . .
Gördüyüm mənzərəni mən sonuncu dəfə beş altı yaşım olanda rayonumuzda çörək qıtlığından əziyyət çəkən millətin çörək dükanı önündə növbə gözləyərkən görmüşdüm; 100 dollardan qıttıq çəkən camaat sarmaşığın önündə çaxnaşmada, vuruşmada idi. Hardasa 100 - ə yaxın gənc (o anda özümdən utandım) kolun dibində eşələnirdi. Ağaca sevgili kimi sarmaşmış sarmaşıqdan əsər əlamət qalmamışdı; yoluq - yoluq olmuşdu; ətraf hər yer sarmaşığın qoparılmış yarpaqları, qırılmış qolları ilə dolu idi. Maşından enmədim. Kənardan tamaşa etdim. Utandım dedim axı. Eləcə yanaqlarım qıpqırmızı geri Yeni Günəşliyə qayıtdım.
Sonra internetdən yuxarıdakı linkdə olan xəbəri oxudum. Qaqaş deyəsən elə pul şüşəsi sarmaşıqın altında gizlədiləndə ordan keçirmiş, əli ilə qoymuş kimi pulu da götürüb.
Şəkildəki sarmaşığı bir də belə yaşıl və qollu - budaqlı görən olmayacaq.


Yorumlar
Yorum Gönder